Sağlam və balanslı qidalanma üçün bəzi maddələr xüsusilə vacib hesab olunur və onların çatışmazlığı ciddi problemlərə səbəb ola bilər. Bu baxımdan omeqa-3 yağ turşuları orqanizm üçün əvəzolunmaz komponentlərdən biridir. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, dietoloq Marina Sorokina omeqa-3-ün gündəlik qəbulunun sağlamlıq üçün mühüm rol oynadığını bildirib.

Mütəxəssisin sözlərinə görə, bu yağ turşuları orqanizmdə sintez olunmur və yalnız qida vasitəsilə əldə edilir. Omeqa-3 hüceyrə membranlarının və damarların qurulmasında iştirak edir, həmçinin sinir sisteminin normal fəaliyyətini dəstəkləyir. Bu maddələrin kifayət qədər qəbulu stressin azalmasına, emosional tarazlığın qorunmasına və ümumi sağlamlığın yaxşılaşmasına kömək edir.

Ekspert qeyd edir ki, yetkin insan gündə təxminən 950 mq omeqa-3 qəbul etməlidir. Bu maddələrin əsas mənbələri yağlı dəniz balıqları, qoz, kətan yağı, treska qaraciyəri və avokadodur. Omeqa-3 çatışmazlığı isə yaddaş zəifləməsi, qan dövranının pisləşməsi və beyin fəaliyyətinin zəifləməsi kimi problemlərə yol aça bilər.

Həkim tövsiyə edir ki, gündəlik rasionda bəzi dəyişikliklər etməklə bu problemi asanlıqla aradan qaldırmaq mümkündür. Məsələn, günəbaxan yağı əvəzinə kətan yağı istifadə etmək, səhər yeməyinə avokado və yumurta əlavə etmək, həmçinin həftədə bir neçə dəfə siyənək, skumbriya və ya qızılbalıq kimi balıqlara yer vermək omeqa-3 ehtiyatını artırmağa kömək edir.