Yemək zamanı su içməyin zərərli olduğu ilə bağlı yayılmış fikirlər hər zaman doğru olmaya bilər. Əksinə, bəzi hallarda bu vərdiş həzmi asanlaşdırmağa kömək edir. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, diyetoloq Natalya Mizinova yemək zamanı su qəbulunun hansı hallarda mümkün olduğunu açıqlayıb.
Onun sözlərinə görə, suyun mədə şirəsini durulaşdıraraq həzmə mane olması ilə bağlı fikir tam əsaslı deyil. Əgər qəbul edilən qida quru, lifli, kobud və ya həddindən artıq duzludursa, onu su ilə qəbul etmək həm mümkündür, həm də tövsiyə olunur. Bu, qidanın daha rahat parçalanmasına və mədədə ağırlıq hissinin yaranmamasına kömək edir.
Mütəxəssis bildirir ki, su qidanın düzgün şəkildə “qida kütləsi” halına düşməsini təmin edir və beləliklə, onun mədədə normal həzm olunmasına şərait yaradır. Bundan əlavə, bəzi ekspertlər hesab edir ki, mədə orqanizmin ehtiyacına uyğun olaraq kifayət qədər şirə ifraz edir və suyun onu əhəmiyyətli dərəcədə zəiflətməsi mümkün deyil. Buna görə də ölçülü miqdarda suyun yemək zamanı qəbulu təhlükəli sayılmır.
Bununla belə, çayla bağlı fərqli yanaşma mövcuddur. Çay tərkibindəki maddələrə və çox vaxt isti halda qəbul edildiyinə görə mədəyə daha çox yük sala bilər. Bu səbəbdən yemək zamanı suya üstünlük vermək daha məqsədəuyğun hesab olunur.






