Bulyon hazırlamaq ilk baxışdan sadə görünsə də, bu proses zamanı bir çox insan eyni səhvləri təkrarlayır. Ən çox rast gəlinən problemlərdən biri bulyonun bulanıq alınması və ya dad balansının pozulmasıdır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, aşpazların tez-tez yol verdiyi əsas səhvlərdən biri duzu bişirmənin əvvəlində əlavə etmələridir. Bir çox yeməklərdə duz bişmə zamanı vurulduğu üçün insanlar eyni qaydanı bulyona da tətbiq edirlər. Lakin mütəxəssislər bildirirlər ki, bulyon bu baxımdan istisna hesab olunur.
Ekspertlərin sözlərinə görə, uzun müddət qaynama zamanı suyun bir hissəsi buxarlanır və nəticədə maye azalır. Bu isə duzun miqdarının həddindən artıq hiss olunmasına səbəb olur. Nəticədə bulyon normadan artıq duzlu alınır və onun təbii dadı itir.
Mətbəx ustaları məsləhət görürlər ki, bulyona duz ya bişirmənin son mərhələsində, ya da birbaşa süfrəyə verilərkən əlavə olunsun. Bu üsul həm duzun miqdarını daha dəqiq tənzimləməyə, həm də yeməyin dad balansını qorumağa imkan verir.
Qeyd olunur ki, düzgün hazırlanmış şəffaf və aromatik bulyon həm ayrıca yemək kimi, həm də şorba və sousların əsası kimi istifadə edilə bilər. Buna görə də kiçik görünən detallara diqqət etmək vacib sayılır.






