Hazır kömürdən istifadə etməklə kabab bişirmək daha rahat sayılsa da, peşəkar manqal ustaları əsl dad və ətir üçün odunun böyük əhəmiyyət daşıdığını bildirirlər. Onların sözlərinə görə, düzgün seçilmiş odun kababın həm aromasını, həm də şirəliliyini dəyişə bilir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, aşpazlar xüsusilə meyvə ağaclarından hazırlanan odunlara üstünlük verirlər. Mütəxəssislər qeyd edirlər ki, “canlı odun” üzərində bişirilən kabab daha zəngin dad və xüsusi qoxu əldə edir.

Kabab üçün ən uyğun seçimlər arasında palıd, ağcaqayın və alma ağacı göstərilir. Palıd odunu güclü istilik verdiyi üçün ətin içinin yaxşı bişməsinə kömək edir. Alma ağacı isə kababa xoş ətir verir, lakin digər odunlarla müqayisədə daha çox tüstü yarada bilir.

Ağcaqayın odunu uzun müddət köz saxlaması ilə seçilir. Bununla belə, bəzi hallarda his əmələ gətirə bildiyi üçün istifadə zamanı diqqətli olmaq tövsiyə edilir. Kabab ustaları armud, albalı və ərik ağacından olan odunların da yaxşı nəticə verdiyini bildirirlər.

Quş əti üçün isə fərqli odun növləri məsləhət görülür. Toyuq, ördək və qaz kababı hazırlayarkən qızılağac və ya qovaq odunundan istifadə olunması tövsiyə edilir. Ekspertlər deyirlər ki, bu odunlar ətə ov quşlarını xatırladan xüsusi dad verir, baxmayaraq ki, onların yaratdığı istilik o qədər də güclü olmur.

Peşəkar manqalçılar üzüm çubuğunu isə ən qiymətli seçimlərdən biri hesab edirlər. Bildirilir ki, üzüm tənəyi üzərində hazırlanan kabab fərqli aroma və unikal dad qazanır. Lakin kifayət qədər quru üzüm çubuğu tapmaq hər zaman asan olmur.