Şirin olmayan ev peçenyeləri son vaxtlar çay və qəhvə süfrələrinin ən sevilən qəlyanaltılarından birinə çevrilib. Xüsusilə kəsmik və pendirlə hazırlanan duzlu peçenyelər həm doyumlu olur, həm də qısa vaxtda hazırlandığı üçün üstünlük qazanır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu peçenye növü işə, səfərə və ya məktəbə aparmaq üçün də uyğun hesab olunur. Hazırlanması cəmi yarım saat çəkən bu resept üçün sadə ərzaqlar kifayət edir və nəticədə xırtıldayan, aromatik qəlyanaltı əldə olunur.
Resept üçün 70 qram kəsmik, 40 qram duru yağ, 1 ədəd yumurta, 50 qram bərk pendir, 160 qram un və zövqə uyğun duz lazımdır. Əvvəlcə dərin qabda kəsmik, yumurta və yağ çəngəllə yaxşıca qarışdırılır. Daha sonra xırda sürtgəcdən keçirilmiş pendir əlavə edilir və kütlə homogen hala gələnədək qarışdırılır.
Növbəti mərhələdə un və duz əlavə olunaraq yumşaq xəmir yoğrulur. Xəmir əllərə yapışmadıqda hazır hesab edilir. Daha sonra xəmir yayılır və istənilən formada kəsilir.
Hazırlanmış peçenyelər perqament kağızı sərilmiş soba listinə düzülür, üzərinə çalınmış yumurta çəkilir. 190 dərəcəyədək qızdırılmış sobada təxminən 15 dəqiqə bişirilir.
Mütəxəssislər bildirirlər ki, bu cür ev peçenyeləri tərkibində konservant olmadığı üçün mağaza qəlyanaltılarından daha faydalı seçim hesab edilə bilər. Peçenye həm isti, həm də soyuduqdan sonra servis edilə bilər.






