Alimlər 100 yaşdan çox yaşayan insanların qidalanma vərdişlərini araşdıraraq maraqlı nəticələr əldə ediblər. Müxtəlif ölkələrdə aparılan tədqiqatlar göstərir ki, uzunömürlülərin rasionunda oxşar prinsiplər üstünlük təşkil edir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, almaniyalı bioloq və sağlam qocalma üzrə mütəxəssis Nina Ruge uzunömürlü insanların qidalanmasını təhlil edib. Araşdırmaya görə, onların menyusunun əsasını tərəvəzlər, meyvələr, paxlalılar və həftədə bir neçə dəfə balıq təşkil edir. Bundan əlavə, 65 yaşdan sonra zülal ehtiyacını qarşılamaq üçün süd məhsulları və yumurtanın artırılması tövsiyə olunur.

Mütəxəssislər hesab edir ki, qidalanma ilə yanaşı, uzunömürlülük genetika, fiziki aktivlik və yaşayış mühiti ilə də sıx bağlıdır. Uzunömürlü insanlar adətən çox yemir, aktiv həyat tərzi keçirir və daha çox bitki mənşəli qidalara üstünlük verir.

Rusiyalı diyetoloq, tibb elmləri namizədi Natalya Denisova isə iki dəfə qidalanma modelini doğru hesab etmir. Onun sözlərinə görə, xüsusilə yaşlı insanlarda həzm sistemi zəiflədiyi üçün gün ərzində az-az, lakin daha tez-tez qidalanmaq daha faydalıdır. Bu yanaşma həm də qan şəkərinin kəskin dəyişməsinin qarşısını almağa kömək edir.

Həkimlər vurğulayır ki, yaş artdıqca orqanizmin zülala ehtiyacı yüksəlir. Orta yaşlı insan üçün hər kiloqrama 0,8–1 qram zülal kifayət etdiyi halda, yaşlılarda bu göstərici 1,1–1,2 qrama qədər artır. Bunun ən az yarısının bitki mənşəli mənbələrdən alınması tövsiyə olunur.

Eyni zamanda, rasionda çoxlu tərəvəz və meyvənin olması vacib sayılır. Yaşlı insanlar üçün bu qidaların bişmiş formada qəbul edilməsi həzmi asanlaşdırır. Süd məhsulları arasında isə kefir, qatıq və kəsmik kimi məhsullar daha çox məsləhət görülür.

Mütəxəssislər işlənmiş qidaların, şirniyyatların və ağ çörəyin məhdudlaşdırılmasını vacib hesab edir. Onların əvəzinə tam taxıllı məhsullara üstünlük verilməsi daha sağlam seçim sayılır. Duzun azaldılması da təzyiqin normada saxlanmasına kömək edir.

Bundan əlavə, kifayət qədər su qəbulu uzunömürlülük üçün mühüm şərtlərdən biridir. Yaş artdıqca susuzluq hissi zəiflədiyi üçün həkimlər gün ərzində mütəmadi su içməyi tövsiyə edir.