Spirtli içkilərin qaraciyərə təsiri təkcə qəbul edilən miqdardan deyil, həm də içkinin tərkibindən asılıdır. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi spirtli içkilər digərlərinə nisbətən bu orqana daha ciddi zərər vurur.
Foodinfo.az mənbəyə istinadla xəbər verir ki, cərrah Aleksandr Umnov qaraciyər hüceyrələrinin zədələnməsində əsas rol oynayan amillərdən birinin içkilərin tərkibindəki zərərli qarışıqlar olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə sivuş yağları adlanan maddələr qaraciyər hüceyrələrini məhv edir və ferment sisteminin fəaliyyətini pozur.
Ekspert qeyd edir ki, ən təhlükəli içkilər sırasında viski, konyak, müxtəlif nastoykalar və təmizlənməmiş ev istehsalı spirtli məhsullar yer alır. Bu içkilərdə olan əlavə qarışıqlar orqanizmə daxil olduqda qaraciyərə ciddi yük yaradır.
Cərrah vurğulayır ki, problem yalnız etil spirtində deyil, məhz bu cür zərərli qatqılardadır. Onlar qaraciyər hüceyrələrinin dağılmasını sürətləndirir və orqanın normal fəaliyyətini pozur.
Mütəxəssislər sağlamlığın qorunması üçün spirtli içkilərin qəbulunu minimuma endirməyi, mümkün olduqda isə tamamilə imtina etməyi tövsiyə edirlər.






