Yaş artdıqca qidalanma vərdişlərinin dəyişdirilməsi insanın daha uzun və sağlam ömür sürməsinə kömək edə bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə orta yaşdan sonra rasionun kaloriliyinə nəzarət etmək sağlamlığın qorunmasında mühüm rol oynayır. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, həkim-dietoloq və psixoterapevt Mixail Ginzburq uzunömürlülüyün əsas şərtlərindən birinin məhz qidalanmada ölçülülük olduğunu bildirib.
Onun sözlərinə görə, artıq kalorili qidalar, xüsusilə yağlı və şəkərli məhsullar orqanizmə mənfi təsir göstərir və yaşlanma prosesini sürətləndirə bilər. Belə qidalar qanda şəkərin kəskin dəyişməsinə səbəb olur, bu isə iştahanın artmasına və həddindən artıq yeməyə gətirib çıxarır. Mütəxəssis yüksək qlisemik indeksə malik məhsulların – şirniyyatların, ağ çörəyin, şirniyyat məmulatlarının, eləcə də düyü və kartofun istehlakını məhdudlaşdırmağı tövsiyə edir.
Həkim əlavə edib ki, hər qida qəbulunda tərəvəz və az yağlı zülal mənbələrinin olması həm kalorinin azalmasına, həm də uzun müddət toxluq hissinin qorunmasına kömək edir. Bundan başqa, paxlalıların rasiona daxil edilməsi kartof kimi məhsulların daha sağlam alternativi ola bilər. Onun fikrincə, porsiyaların kiçildilməsi, bəzi hallarda yemək sayının azaldılması və axşam yeməyinin erkən saatlara çəkilməsi də sağlam həyat tərzini dəstəkləyən vacib addımlardandır.






