Vərəm kimi tanınan tuberkulyoz hələ də ciddi sağlamlıq problemi olaraq qalır, lakin mütəxəssislər bildirir ki, ondan qorunmaq üçün mürəkkəb və bahalı üsullara ehtiyac yoxdur. Sadə həyat tərzi dəyişiklikləri ilə bu riski əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, infeksionist həkim Andrey Pozdnyakovun sözlərinə görə, əsas qoruyucu faktor güclü immun sistemidir və bunun üçün ilk növbədə qeyri-dərman tədbirlərinə üstünlük verilməlidir.

Mütəxəssis bildirir ki, sağlamlığın qorunması üçün üç əsas istiqamət xüsusi rol oynayır. Bunlardan birincisi balanslı qidalanmadır. Orqanizmin bütün lazımi qida maddələrini alması immun sisteminin düzgün işləməsi üçün vacibdir və əsassız pəhrizlərdən uzaq durmaq tövsiyə olunur.

İkinci vacib amil keyfiyyətli yuxudur. Orqanizm məhz yuxu zamanı bərpa olunur və immun sisteminin fəaliyyəti güclənir. Yuxu çatışmazlığı isə əksinə, infeksiyalara qarşı həssaslığı artırır.

Üçüncü mühüm faktor isə stressin azaldılmasıdır. Xroniki stress bədəni zəiflədir və onu xəstəliklərə qarşı daha müdafiəsiz edir. Buna görə də gündəlik həyatda stressi idarə etmək sağlamlığın qorunmasında əsas şərtlərdən biri hesab olunur.

Həkim vurğulayır ki, bu sadə qaydalar hər kəs üçün əlçatan olsa da, onların davamlı şəkildə tətbiqi böyük əhəmiyyət daşıyır. Zəruri hallarda isə vitamin və mineral kompleksləri ilə qida çatışmazlıqları aradan qaldırıla bilər.