Sağlam yuxu üçün yalnız rahat mühit deyil, düzgün qidalanma da böyük əhəmiyyət daşıyır. Bəzən insanlar kofedən və spirtli içkilərdən imtina etsələr də, yenə də yuxusuzluqdan əziyyət çəkirlər. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, dietoloq və nutrisioloq Stas Qorin bunun səbəbinin çox vaxt axşam qəbul edilən qidalarla bağlı olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, xüsusilə acı və ədviyyəli yeməklər mədə turşuluğunu artıraraq reflüks yarada bilər və bu da yuxuya getməyi çətinləşdirir. Pomidor və onun əsasında hazırlanan yeməklər, o cümlədən pizza da eyni təsiri göstərə bilər. Şəkərli qidalar və desertlər isə qanda şəkərin kəskin dəyişməsinə səbəb olur və orqanizmin rahatlaşmasına mane olur. Hətta şokoladlı dondurma kimi məhsullarda gizli kofein ola bilər.

Ekspert qeyd edir ki, bəzi içkilər də gözlənilmədən yuxuya mənfi təsir edir. Məsələn, qazlı içkilərin tərkibində kofein ola bilər. Hətta çoxlarının faydalı hesab etdiyi nanəli çay belə hər kəs üçün uyğun deyil – nanənin efir yağları bəzi insanlarda reflüks yarada bilər və bu da yuxunu poza bilər. Süd də bəzi hallarda eyni təsiri göstərə bilər.

Daha yaxşı yuxu üçün axşam saatlarında yüngül və balanslı qidalara üstünlük verilməlidir. Liflə zəngin karbohidratlar və az yağlı zülallar – məsələn, qəhvəyi düyü, mərci, toyuq və balıq – daha uyğun seçim sayılır. Eyni zamanda, yatmazdan əvvəl qəbul edilən qidanın miqdarı az olmalı və mümkün qədər erkən saatlarda yeyilməlidir.