Sərt pəhrizlərə ehtiyac olmadan çəki azaltmaq mümkündür və bunun üçün sadə, lakin effektiv üsullar mövcuddur. Bu üsullardan biri də “Harvard boşqabı” prinsipi kimi tanınan balanslı qidalanma modelidir. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, qastroenteroloq Rustem Sadıkov bu yanaşmanın əsas prinsiplərini açıqlayıb.
Onun sözlərinə görə, bu metodda adi ölçülü boşqab vizual olaraq üç hissəyə bölünür. Boşqabın yarısı tərəvəz və meyvələrdən ibarət olmalıdır. Bu qrup həm vitaminlərlə zəngindir, həm də az kalorili olduğu üçün arıqlama prosesinə kömək edir. Digər hissənin yarısı zülal mənbələrinə – balıq, toyuq, paxlalılar və qoz-fındığa ayrılır. Qalan dörddəbir hissəni isə enerji verən mürəkkəb karbohidratlar – qarabaşaq, yulaf, qəhvəyi düyü və tam taxıllı məhsullar təşkil edir.
Ekspert əlavə edir ki, rasionda bitki yağlarından ölçülü şəkildə istifadə edilməli, trans yağlardan isə uzaq durulmalıdır. Emal olunmuş qidaların, şirin içkilərin və qırmızı ətin istehlakı məhdudlaşdırılmalıdır. Süd məhsullarının da gündəlik miqdarı nəzarətdə saxlanmalıdır.
Bu yanaşmanın əsas üstünlüyü onun sadə və tətbiqi asan olmasıdır. Həkim vurğulayır ki, düzgün qidalanma ilə yanaşı fiziki aktivlik də vacibdir. Bu iki amilin birlikdə tətbiqi həm artıq çəkidən xilas olmağa, həm də ümumi sağlamlığın qorunmasına kömək edir.






