Yuxular insan beyninin mürəkkəb fəaliyyətinin nəticəsi kimi formalaşır və onların məzmunu təsadüfi olmur. Alimlər bildirirlər ki, gördüyümüz yuxular gündəlik yaşantılarımızla sıx bağlıdır. Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, psixoterapevt Yelena Fedykina yuxuların necə formalaşdığını izah edib.
Onun sözlərinə görə, yuxuların böyük hissəsi gün ərzində yaşanan hadisələrin beyində yenidən işlənməsi ilə bağlıdır. Bu proses zamanı Hipokamp qısamüddətli yaddaşda olan məlumatları uzunmüddətli yaddaşa ötürür. Bu mexanizm yuxuların yaranmasında mühüm rol oynayır və məşhur yuxu tədqiqatçısı Metyu Uoker tərəfindən də geniş şəkildə araşdırılıb.
Bununla yanaşı, yuxular yalnız gündəlik təəssüratların əksi deyil. Mütəxəssis vurğulayır ki, onların məzmununa insanın emosional vəziyyəti də ciddi təsir edir. Xroniki stress, basdırılmış hisslər və həll olunmamış psixoloji vəziyyətlər yuxularda müxtəlif simvollar və hadisələr şəklində özünü göstərə bilər.
Psixoterapiya praktikasında yuxuların analizi bu səbəbdən xüsusi əhəmiyyət daşıyır. Onlar gələcəyi “proqnozlaşdırmaq” üçün deyil, daha çox insanın hazırkı psixoloji vəziyyətini anlamaq üçün bir vasitə kimi qiymətləndirilir.






