Qidalanma tərzi orqanizmdə gedən bütün proseslərə birbaşa təsir edir və bəzi məhsulların həddindən artıq qəbulu xolesterin səviyyəsinin artmasına səbəb ola bilər. Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, dietoloq Antonina Muziçenko bu baxımdan diqqətli olunmalı qidaları açıqlayıb.

Mütəxəssis bildirir ki, xolesterinin təxminən 70 faizi orqanizmdə, əsasən qaraciyərdə sintez olunur, qalan hissəsi isə qida vasitəsilə qəbul edilir. Xüsusilə yağlı və heyvan mənşəli məhsullar bu göstəriciyə təsir edir. Buna görə də gündəlik rasion tərtib edilərkən zülal, yağ və karbohidrat balansı düzgün qorunmalıdır.

Yağlı süd və süd məhsulları (3,2–5,5% yağlılıq) tez-tez və çox miqdarda istehlak edildikdə artıq yağ qəbuluna səbəb olur. Bu isə xolesterinin yüksəlməsi riskini artırır. Eyni zamanda kokos və kokos südü də sağlam hesab olunsa da, yüksək yağ tərkibinə görə məhdud miqdarda istifadə olunmalıdır.

Dəniz məhsulları arasında xüsusilə krevetlərə diqqət yetirmək tövsiyə olunur. Onların tərkibində xolesterin miqdarı kifayət qədər yüksəkdir və çox miqdarda qəbul edildikdə bu göstəricini sürətlə artıra bilər.

Mütəxəssislər vurğulayır ki, bu məhsullardan tam imtina etmək vacib deyil, əsas məsələ ölçünü qorumaqdır. Balanslı və müxtəlif qidalanma xolesterin səviyyəsini nəzarətdə saxlamağın ən effektiv yoludur.