Restoran və kafelərdə təqdim olunan yeməklər hər zaman göründüyü qədər təhlükəsiz olmaya bilər. Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, bəzi hallarda müəssisələr xərcləri azaltmaq və qazancı artırmaq üçün müştərilərin sağlamlığına mənfi təsir edə biləcək üsullardan istifadə edirlər.

Mütəxəssislər bildirir ki, dərin yağda qızardılan yeməklər xüsusi risk daşıyır. Çünki ictimai iaşə yerlərində yağ tez-tez dəyişdirilmir və uzun müddət istifadə olunur. Bu isə zərərli maddələrin yaranmasına səbəb ola bilər. Digər tərəfdən, yeməkdən əvvəl təklif olunan spirtli içkilər iştahanı artıraraq daha çox yemək sifariş etməyə səbəb olur.

Hazır salatlar da diqqət tələb edir. Gün ərzində satılmayan tərəvəzlər axşam saatlarında sous əlavə olunaraq “təzə” kimi təqdim edilə bilər. Uyğun şəraitdə saxlanılmadıqda isə bu cür qidalar zəhərlənmə riski yaradır. Eyni zamanda ucuz “günün yeməyi” adı ilə təqdim olunan bəzi təamlar da son istifadə müddəti yaxınlaşan məhsullardan hazırlana bilər.

Şorbalarla bağlı da ehtiyatlı olmaq tövsiyə edilir. Bəzi yerlərdə əvvəlcədən hazırlanıb dondurulmuş bulyonlardan istifadə olunur ki, bu da düzgün saxlanılmadıqda keyfiyyətin aşağı düşməsinə səbəb ola bilər.

Mütəxəssislər məsləhət görür ki, restoran seçərkən diqqətli olmaq, yeməyin tərkibi və hazırlanma şəraiti barədə maraqlanmaq vacibdir. Bu, sağlamlığın qorunması üçün mühüm addımdır.