Sadə hazırlanmasına baxmayaraq, qeyri-adi dad kombinasiyası ilə seçilən bu yemək süfrənizə yenilik qatacaq. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, alma və bal sousunda toyuq resepti həm praktik, həm də çox dadlı seçim hesab olunur.
Reseptdə istifadə olunan bəzi inqrediyentlər – məsələn, xurma balı, şalot soğanı və ya adaçayı – hər mətbəxdə olmaya bilər. Lakin onları adi bal, baş soğan və ya kəklikotu, rozmarin kimi ədviyyələrlə əvəz etmək mümkündür. Bu halda bəzi dad çalarları dəyişsə də, yeməyin ümumi ləzzəti qorunub saxlanılır.
Hazırlanması üçün toyuq filesi doğranaraq qızardılır, daha sonra üzərinə dilimlənmiş alma əlavə edilir. Ardınca soğan və ədviyyatlar qatılır. Ayrı qabda bulyon, bal və alma sirkəsi qarışdırılaraq sous hazırlanır və tavaya əlavə olunur. Sonda toyuq bu sousda qısa müddət bişirilir. Nəticədə həm şirin, həm də yüngül turş notların ahəngi ilə zəngin, iştahaçan bir yemək əldə edilir.






