Şorba bişirmək sadə görünsə də, bəzi incə məqamlar onun dadına və görünüşünə ciddi təsir edir. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislər şorbanın qapaqlı və ya qapaqsız bişirilməsi ilə bağlı vacib tövsiyələr veriblər.
Bildirilir ki, şorbanı qapaq altında bişirmək qaynama prosesini sürətləndirir və bu zaman bulyon bulanıqlaşa bilər. Nəticədə yeməyin həm görünüşü, həm də dadı arzuolunan səviyyədə olmaya bilər. Buna görə də təcrübəli aşpazlar əksər hallarda şorbanı qapaqsız bişirməyi tövsiyə edirlər. Bu üsul bulyonun daha şəffaf və iştahaçan olmasına kömək edir.
Bununla belə, bəzi hallarda qapaqdan istifadə məqsədəuyğundur. Məsələn, yalnız ət əsaslı şorbalar bişirilərkən qapaqdan istifadə etmək ətin yumşaq qalmasına kömək edir. Eyni zamanda krem-şorbalar kimi daha qatı konsistensiyalı yeməklər də qapaq altında bişirildikdə daha yaxşı nəticə verir. Bu sadə qaydalara əməl etməklə daha dadlı və keyfiyyətli şorbalar hazırlamaq mümkündür.






