Sağlam şəkildə arıqlamaq istəyənlər üçün sadə və təsirli üsul mövcuddur. Mütəxəssislər bildirirlər ki, sərt pəhrizlərə ehtiyac olmadan da çəkiyə nəzarət etmək mümkündür. Foodinfo.az Doctorpiter saytına istinadla xəbər verir ki, bu məqsədlə “Harvard boşqabı” prinsipi geniş şəkildə tövsiyə olunur.

Bu yanaşmaya görə, adi ölçülü boşqab vizual olaraq bölünür və qidanın balansı qorunur. Boşqabın yarısı tərəvəz və meyvələrdən ibarət olmalı, dörddə biri zülal mənbələrinə, qalan hissəsi isə mürəkkəb karbohidratlara ayrılmalıdır. Bu prinsip orqanizmin həm enerji ehtiyacını ödəyir, həm də uzunmüddətli toxluq hissi yaradır.

Həkimlər qeyd edir ki, bu qidalanma modeli sadəliyi ilə seçilir və gündəlik həyata rahatlıqla tətbiq oluna bilər. Bitki yağlarından ölçülü istifadə, emal olunmuş qidalardan uzaq durmaq və şəkərli içkiləri azaltmaq da vacib şərtlər sırasındadır. Fiziki aktivliklə birlikdə tətbiq edildikdə isə bu üsul artıq çəkidən qurtulmağa və ümumi sağlamlığın yaxşılaşmasına əhəmiyyətli töhfə verir.