Sağlam və uzun ömür sürmək üçün böyük dəyişikliklərə ehtiyac yoxdur – mütəxəssislər bildirir ki, gündəlik kiçik vərdişlər belə ciddi nəticələr verə bilər.
Foodinfo.az xəbər verir ki, uzunömürlülük üzrə həkim-tədqiqatçı Darşan Şah səhər saatlarında tətbiq edilən dörd sadə vərdişin sağlamlığa müsbət təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, günə qısa fiziki aktivliklə başlamaq xüsusilə vacibdir – cəmi 10 dəqiqəlik məşq belə əzələlərin tonusunu qoruyur və ürək-damar sistemini gücləndirir.
Mütəxəssis həmçinin səhər saatlarında gündəlik yazmağı tövsiyə edir. Bu, insanın düşüncələrini nizamlamağa, məqsədlərini müəyyənləşdirməyə və stress səviyyəsini azaltmağa kömək edir. Bununla yanaşı, hər gün 20–30 dəqiqə maarifləndirici kitab oxumaq beynin aktivliyini qoruyur və zehni qabiliyyətləri gücləndirir.
Qidalanma da əsas amillərdən biri kimi qeyd olunur. Həkim səhər rasionunda zülal və tərəvəzlərə üstünlük verilməsini, şəkərli və yüksək emal olunmuş qidalardan uzaq durmağı məsləhət görür. Onun fikrincə, hərəkət, şüurlu yanaşma, öyrənmə və düzgün qidalanmanın birləşməsi uzun və aktiv həyatın əsasını təşkil edir.






