Orqanizmdə susuzluq hissi təkcə su az içməkdən qaynaqlanmır. Bəzi qidalar bədəndə maye itkisini artıraraq daha tez susamağa səbəb olur. Xüsusilə isti havalarda və uzun müddət susuz qalınan dövrlərdə bu məhsulların qəbuluna diqqət yetirmək vacibdir.

Foodinfo.az xəbər verir ki, duzlu qidalar susuzluğu artıran əsas səbəblərdən biridir. Çips, duzlu çərəzlər, turşular və çox duzlu pendirlər orqanizmdə su balansını pozur. Duz qəbulunun artması bədənin daha çox mayeyə ehtiyac duymasına gətirib çıxarır.

Qızardılmış və yağlı yeməklər də susuzluq hissini gücləndirir. Bu tip qidalar həzmi çətinləşdirir və bədənin əlavə suya ehtiyacını artırır.

Şəkərli qidalar və şirniyyatlar da siyahıda yer alır. Qanda şəkərin artması orqanizmin daha çox maye sərf etməsinə səbəb olur və nəticədə susuzluq hissi yaranır.

Bundan əlavə, kofeinli içkilər – qəhvə, enerji içkiləri və bəzi qazlı içkilər sidikqovucu təsir göstərir. Bu isə maye itkisini artırır. Çox ədviyyəli yeməklər də bədən temperaturunu yüksəldərək daha çox su ehtiyacına səbəb olur.

Gün ərzində kifayət qədər su qəbul etmək, duz və şəkər balanslı şəkildə istifadə olunması tövsiyə edilir. Su tərkibi yüksək olan meyvə və tərəvəzlər – məsələn, xiyar və qarpız – susuzluğun qarşısını almaqda faydalı ola bilər.