Yenidoğulmuş körpələrin sağlam böyüməsi və inkişafı üçün bəzi vitaminlər xüsusi əhəmiyyət daşıyır. Həkimlər bildirirlər ki, vitaminlərin qəbulu yalnız pediatr məsləhəti ilə aparılmalıdır və valideynlər özbaşına əlavə verməməlidirlər.
Foodinfo.az xəbər verir ki, yenidoğulmuşlar üçün ən vacib vitaminlərdən biri D vitaminidir. Bu vitamin sümük və dişlərin düzgün formalaşmasında mühüm rol oynayır. Ana südü ilə qidalanan körpələrdə D vitamini kifayət qədər olmaya bilər. Buna görə də bir çox hallarda doğuşdan sonra əlavə olaraq təyin edilir.
Digər vacib vitamin isə K vitaminidir. Körpələrə doğuşdan dərhal sonra vurulan bu vitamin qan laxtalanmasını təmin edir və təhlükəli qanaxma riskini azaldır.
Bəzi hallarda dəmir ehtiyacı da yarana bilər. Xüsusilə vaxtından əvvəl doğulan və ya az çəkili körpələrdə dəmir çatışmazlığı riski daha yüksək olur. Adətən 4–6 aydan sonra ehtiyac yarandıqda həkim tərəfindən əlavə dəmir təyin olunur.
Əgər körpə ana südü ilə qidalanır və sağlamdırsa, əksər hallarda əlavə multivitaminlərə ehtiyac olmur. Süni qida ilə qidalanan körpələrin qarışıqları isə adətən lazımi vitamin və minerallarla zənginləşdirilmiş olur.
Qeyd olunur ki, vitaminlərin artıq dozası da körpənin sağlamlığı üçün risk yarada bilər. Bu səbəbdən hər hansı əlavə yalnız həkim nəzarəti altında verilməlidir.






