Tofu – təxminən 2000 illik tarixə malik soya pendiridir və yüksək zülal tərkibi ilə ətə alternativ sayılır. Xüsusilə veqanlar və Asiya mətbəxini sevənlər arasında populyardır.

Foodinfo.az BB.LV mənbəsinə istinadla xəbər verir ki, tofudan onlarla fərqli yemək hazırlamaq mümkündür. Bu dəfə səhər süfrəsi üçün uyğun olan üç tofu-skrəmbл variantını təqdim edirik.


1. Pomidorlu tofu omleti

Lazım olanlar:

  • 300 q yumşaq tofu

  • 2 orta ölçülü pomidor

  • 1 ədəd soğan

  • 1 x.q. zeytun yağı

  • bir çimdik kari, zərdəçal, kəklikotu, istiot

  • duz

Hazırlanması:
Soğanı xırda doğrayıb zeytun yağında bir neçə dəqiqə qovurun. Tofunu əzərək tavaya əlavə edin, ədviyyatları qatın və qarışdırın. Sonda doğranmış pomidoru əlavə edib qapaq altında zəif odda 3 dəqiqə bişirin. Göyərti ilə süfrəyə verin.


2. Klassik tofu-skrəmbl

Lazım olanlar:

  • 300 q bərk tofu

  • ½ x.q. zeytun yağı

  • zərdəçal və qara istiot

  • qurudulmuş soğan və sarımsaq

  • duz

Hazırlanması:
Tofunu çəngəllə əzin və yağda qızdırılmış tavaya əlavə edin. 1 dəqiqə sonra ədviyyatları qatın. Qarışdıraraq 5 dəqiqə bişirin. Qızılı rəng aldıqda hazırdır. Təzə tərəvəz salatı ilə təqdim edin.


3. Kartoflu veqan tofu omleti

Lazım olanlar:

  • 450 q klassik tofu

  • 1 iri kartof

  • yaşıl soğan

  • 2 bolqar bibəri

  • 1 x.q. zeytun yağı

  • 2 diş sarımsaq

  • 2 ç.q. çili tozu

  • duz

  • 4 tortilla lavaşı

  • ¼ stəkan rəndələnmiş mozzarella

  • 8-10 çerri pomidor

  • kahı yarpaqları

Hazırlanması:
Kub şəklində doğranmış kartofu tavada az su ilə 3-5 dəqiqə bişirin. Suyun çoxunu süzüb zeytun yağı, doğranmış yaşıl soğan, sarımsaq və çili tozunu əlavə edin. Bir neçə dəqiqə sonra bibəri və duzu qatın, 5-7 dəqiqə bişirin. Əzilmiş tofunu əlavə edib hazır olana qədər qarışdıraraq bişirin. Kahı və çerri pomidorla süfrəyə verin.


Sonda qeyd edək ki, tofu yalnız veqanlar üçün deyil. O, B qrupu vitaminləri, dəmir, mis və manqanla zəngindir. Tərkibindəki fitoestrogenlərə görə soya məhsullarını həddindən artıq qəbul etmək tövsiyə olunmur, lakin balanslı istifadə edildikdə tofu sağlam və qidalı seçimdir.