İslam dünyasında ən müqəddəs bayramlardan biri olan Qurban bayramı Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il həmin tarix Miladi təqvimlə mayın 27-nə təsadüf edib. Mərasimlərdə, adətən, qoyun, keçi, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır.

Müasir dövrdə texnologiya inkişaf etsə də, təəssüf ki, tənhalıq, laqeydlik və mənəvi boşluq artır. Belə bir zamanda Qurban bayramı iman sahiblərini yenidən bir süfrə ətrafında toplamağı bacarır. Qohumların ziyarəti, küsülülərin barışması, ehtiyacı olanların yad edilməsi cəmiyyətə humanizm ruhu gətirir. Qurban bayramı öyrədir ki, insan olmaq yalnız yaşamaq deyil, başqasının ağrısını hiss etmək, ona yardım göstərməkdir.

AZƏRTAC xəbər verir ki, bu gün ölkəmizdəki bütün məscidlərdə bayram namazı qılınır. Qurban kəsimləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə təşkil etdiyi 134 ünvanda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək.

Dini qurbankəsmə İbrahim peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Ona olan inamını yoxlamaq üçün Allah-taala İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl dindar kimi bu əmri yerinə yetirməyə, İsmayıl isə qurban olmağa hazır idi. Bu barədə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”də də yazılıb.

Öz sadiqliyini sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə aparır. Lakin onun inamını görən Allah-taala bunu öz elçisinə rəva bilmədiyindən qurbanlıq üçün ona qoç göndərir. Ona görə də Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

Din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Doğma balasını qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur.

Rəvayətin fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Özündə mərhəmət, səxavət, mənəvi saflıq, halallıq və alicənablıq kimi keyfiyyətləri birləşdirən müqəddəs Qurban bayramı müsəlmanların sevgi, şəfqət və mərhəmətinin təzahür formasıdır.

Müqəddəs Qurban günündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birlərinə qarşılıqlı hörmət etməsinə xidmət göstərən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq üç yerə bölünə bilər. Həmin payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanılması məsləhət görülür.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində, adətən, aztəminatlı ailələrə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.

Artıq altıncı ildir ki, xalqımız Vətən müharibəsindəki möhtəşəm Zəfərdən sonra Qurban bayramını Qələbə ab-havasında qarşılayır və bu bayram işğaldan azad edilən bölgələrdə də qeyd olunur. Ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş ölkəmizdə eyni vaxtda 9 yeni şəhər salınır. Böyük Qayıdış proqramına uyğun olaraq hazırda həmin ərazilərdə on minlərlə əhali yaşayır. Bu gün Qarabağda bərpa edilən məscidlərin minarələrindən azan səsi ucalır. Uzun illərin ayrılığından sonra doğma ata-baba torpaqlarına qayıdanlar həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs bayram münasibətilə qurbanlar kəsirlər.

Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində deyilir: “Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram”.

Qurban bayramınız mübarək olsun!