Evdə hazırlanan küftə həm doyumlu, həm də klassik dadı ilə bir çox ailələrin sevilən yeməklərindən biri hesab olunur. Foodinfo.az bildirir ki, bu yeməyin əsas ləzzəti xüsusi sousdan gəlir və düzgün hazırlanan sous küftənin daha yumşaq və şirəli olmasına kömək edir. Sobada bişirilən tomatlı-xamalı sous isə yeməyə xüsusi ətir və zərif dad qatır.

Küftənin hazırlanması üçün 800 qram mal əti qiyməsi, 200 qram düyü, 200 qram soğan, 150 qram kök, 1 ədəd yumurta, duz və qara istiot istifadə olunur. Əvvəlcə düyü qaynar suda yumşaldılır. Soğan xırda doğranır, kök isə sürtgəcdən keçirilir. Daha sonra bütün ərzaqlar qiymə ilə qarışdırılır, yumurta əlavə edilir və kütlə yaxşıca yoğrulur. Hazırlanan qarışıqdan orta ölçülü küftələr düzəldilir.

Sous üçün 2 xörək qaşığı tomat pastası, 3 xörək qaşığı xama, yarım litr su, 3 xörək qaşığı bitki yağı və bir qədər duz qarışdırılır. Qarışığın topaq olmaması üçün sous yaxşı həll edilir. Küftələr soba listinə düzülür və üzərinə sous əlavə olunur. Əvvəlcədən 180 dərəcəyədək qızdırılmış sobada 35-40 dəqiqə bişirilən yemək həm görünüşü, həm də dadı ilə iştah açır. Küftə kartof püresi və ya müxtəlif tərəvəz qarnirləri ilə təqdim olunduqda daha zəngin dad verir.