Ramazan ayında səhur zamanı düzgün qidalanma gün ərzində aclıq və halsızlığın qarşısını almaqda mühüm rol oynayır. 

Foodinfo.az xəbər verir ki, seçilən məhsullar həm uzunmüddətli toxluq yaratmalı, həm də orqanizmi enerji ilə təmin etməlidir.

Zülalla zəngin olan yumurta səhur süfrəsinin əsas qidalarından biri olmalıdır. O, uzun müddət toxluq hissi yaradır və gün ərzində enerjinin sabit qalmasına kömək edir.

Liflə zəngin yulaf sıyığı da həzmi yavaşlatdığı üçün aclıq hissini gecikdirir.

Qatıq və kəsmiyin də faydalı seçim olduğu bildirilir. Bu məhsullar həm zülal mənbəyidir, həm də bağırsaq sağlamlığını dəstəkləyir. Tam buğda çörəyi isə kompleks karbohidrat tərkibi sayəsində enerjinin tədricən sərf olunmasına şərait yaradır.

Qoz və badam kimi çərəzlər az miqdarda qəbul edildikdə belə doyumluluq hissi verir. Bundan əlavə, xiyar, pomidor və müxtəlif göyərtilər kimi tərəvəzlər su və liflə zəngin olduğu üçün mədəni yormadan toxluq yaradır.

Səhur zamanı həddindən artıq duzlu və şirin qidalardan uzaq durmaq, kifayət qədər su içmək tövsiyə edilir. Düzgün seçilmiş səhur menyusu orucun daha rahat keçməsinə kömək edir.