Gündəlik istifadə etdiyimiz bəzi hazır qidaların beyinə mənfi təsir göstərdiyi müəyyən edilib. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, alimlər çips, şirin qatıq, qazlı içkilər və yarımfabrikatların tez-tez qəbulunun yaddaş zəifləməsi və ruh düşkünlüyü riskini artırdığını bildiriblər.
Araşdırma Sterlegrad.ru tərəfindən yayılan məlumatlara əsasən hazırlanmış elmi icmala dayanır. Tədqiqatın müəllifləri Seçenov Universiteti-nin əməkdaşları professor Aleksey Danilov və assistent Anastasiya Badayeva olub. Onların bildirdiyinə görə, təxminən yetmiş min insanın göstəriciləri təhlil edilərkən hazır qidaların çoxluğu ilə idrak zəifləməsi arasında əlaqə aşkar edilib.
Mütəxəssislər izah edir ki, əsas səbəb hüceyrələrdə enerji yaradan quruluşların fəaliyyətinin pozulmasıdır. Bu zaman zərərli hissəciklər yaranır və sinir hüceyrələrini zədələyərək qocalmanı sürətləndirir. Eyni zamanda bağırsaqla beyin arasındakı qarşılıqlı təsir də pozulur, nəticədə iltihabi proseslər artır.
Alimlər bildirir ki, düzgün qidalanma beyin fəaliyyətinin qorunmasında mühüm rol oynayır. Xüsusilə balıq, dəniz məhsulları, kətan toxumu və qoz kimi məhsullar faydalı hesab olunur. B qrup vitaminləri, lifli qidalar və bəzi amin turşuları sinir sisteminin fəaliyyətini dəstəkləyir.
Tərəvəz, meyvə, paxlalı və dənli bitkilərin üstünlük təşkil etdiyi qida rejimi idrak qabiliyyətinin qorunmasına kömək edir. Bununla belə, mütəxəssislər xəbərdarlıq edir ki, faydalı maddələr həddən artıq qəbul edilərsə əks təsir göstərə bilər. Qidalanmaya diqqət yetirmək yaşla bağlı sinir sistemi xəstəliklərinin qarşısının alınmasında mühüm amil sayılır.






