Son illər ev təmizliyində kimyəvi vasitələrdən daha az istifadə etmək istəyənlərin sayı artır. Bu məqsədlə ən çox seçilən təbii məhsullardan biri də sirkədir. Sirkə düzgün tətbiq edildikdə həm təmizləyici, həm də qoxu aradan qaldırıcı təsir göstərir.

Foodinfo.az xəbər verir ki, sirkənin tərkibində olan sirkə turşusu bəzi bakteriyaların azalmasına kömək edir. Bu səbəbdən mətbəx səthlərinin, masa və plitə üzərinin silinməsində geniş istifadə olunur. 

Bununla yanaşı, sirkə havadakı xoşagəlməz qoxuları neytrallaşdırmaq xüsusiyyəti ilə də seçilir. Xüsusilə zibil qabı ətrafı, soyuducu və mətbəx məkanında istifadə edildikdə qoxunun azalmasına kömək edir.

Bildirilir ki, sirkəli su qarışığı şüşə və güzgülərin izsiz təmizlənməsində də effektivdir. Eyni zamanda kafel və bəzi səthlərdə yaranan yüngül küf ləkələrinin təmizlənməsində istifadə olunur. Bəzi hallarda isə qarışqa kimi xırda həşəratların uzaqlaşdırılması üçün tətbiq edilir.

Lakin sirkə hər səth üçün uyğun deyil. Mərmər və təbii daş materiallarda istifadəsi zərər verə bilər. Elektron avadanlıqlara birbaşa püskürtmək tövsiyə olunmur və istifadə zamanı otağın havalandırılması məsləhət görülür.

Qeyd edilir ki, sirkə güclü kimyəvi dezinfeksiyaedici vasitələrin tam alternativi sayılmasa da, gündəlik ev təmizliyində təbii və əlçatan seçim kimi populyarlığını qoruyur.