Dietoloqlar insan sağlamlığı və uzunömürlülük üçün faydalı olan məhsulların siyahısını açıqlayıblar. Araşdırmalara əsasən, paxlalı bitkilərin müntəzəm istehlakı ömür müddətinin artmasına müsbət təsir göstərir.
Foodinfo.az enovosty.com saytına istinadla xəbər verir ki, mütəxəssislər paxlalıların hər bir insanın gündəlik rasionunda mühüm yer tutmalı olduğunu bildirirlər. Noxud, lobya və mərci kimi məhsullar həyat müddətinin uzanmasına kömək edə bilər. Təbii ki, bu, fiziki aktivlik və balanslı qidalanma ilə yanaşı tətbiq edildikdə daha effektiv nəticə verir.
Paxlalıların əsas üstünlüklərindən biri onların tərkibində olan oliqosaxaridlər və davamlı nişastadır. Bu maddələr həzm sisteminə müsbət təsir göstərir, bağırsaq fəaliyyətini yaxşılaşdırır və mikrofloranı dəstəkləyir.
Tədqiqatlara görə, bu məhsulların qəbulu müxtəlif bağırsaq pozuntularının qarşısını almağa kömək edir. Məlumdur ki, bağırsaq sağlamlığı güclü immun sisteminin əsas şərtlərindən biridir. Alimlər bildirirlər ki, immun cavaba cavabdeh hüceyrələrin təxminən 70 faizi məhz mədə-bağırsaq traktında yerləşir. Buna görə də bağırsaq mikroflorasının qorunması ümumi sağlamlığın möhkəmlənməsində mühüm rol oynayır.
Bundan əlavə, paxlalıların tərkibindəki komponentlər xolesterinin səviyyəsini və arterial təzyiqi azaltmağa kömək edir. Nəticədə bu məhsullar insult, osteoporoz və şəkərli diabet riskinin azalmasına da töhfə verir.






