Qida allergiyası dünyada geniş yayılmış hallardan biri kimi qəbul olunur və təxminən əhalinin 10%-i müxtəlif qidalara qarşı həssaslıq göstərir. Bu reaksiyalar bəzən yüngül simptomlarla müşahidə olunsa da, bəzi hallarda həyati təhlükə yarada biləcək ağır vəziyyətlərə səbəb ola bilər. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, allergiya immun sisteminin bəzi maddələri yad və zərərli kimi qəbul etməsi nəticəsində yaranır və bu zaman orqanizmdə güclü müdafiə reaksiyası işə düşür.

Mütəxəssislərin sözlərinə görə, qida allergiyası zamanı histamin səviyyəsinin artması qaşınma, səpgilər, nəfəs darlığı, burun axması, gözlərdə qıcıqlanma kimi əlamətlərlə özünü göstərir. Daha ağır hallarda isə arterial təzyiqin enməsi, astma tutmaları və hətta boğulma riski yarana bilər. Xüsusilə Quincke ödemi kimi tanınan vəziyyət qısa müddətdə inkişaf edərək həyati təhlükə yaradır və təcili tibbi müdaxilə tələb edir.

Həkimlər ən çox allergiyaya səbəb olan beş qidanı da açıqlayıblar. Süd məhsulları xüsusilə uşaqlarda geniş yayılmış allergen hesab olunur və bu zaman süd zülallarına qarşı həssaslıq yaranır. Yer fıstığı isə dünyada ən təhlükəli allergenlərdən biri kimi tanınır və irsi meyillilik bu riski daha da artırır. Yumurta, xüsusilə onun ağı hissəsi, uşaqlarda tez-tez allergik reaksiyalara səbəb olur, lakin bir çox hallarda yaş artdıqca bu problem aradan qalxır.

Bundan əlavə, buğda tərkibində olan qlüten bəzi insanlarda allergiya yaradır və gündəlik qidaların böyük hissəsində istifadə olunduğu üçün ondan imtina etmək çətin ola bilər. Balıq da güclü allergen sayılır və əksər hallarda bu allergiyası olan şəxslərə bütün balıq məhsullarından uzaq durmaq tövsiyə olunur. Həkimlər vurğulayır ki, allergiyası olan şəxslər qida seçiminə diqqətlə yanaşmalı, məhsul etiketlərini oxumalı və alternativ təhlükəsiz variantlara üstünlük verməlidirlər.