Müasir həyatın sürətli tempi stress və emosional gərginliyi həyatın ayrılmaz hissəsinə çevirib. Xüsusilə yaz aylarında bir çox insan özünü daha halsız və ruh düşkün hiss edir. Bu vəziyyətdə bəzi insanlar problemi şirniyyat və qeyri-sağlam qidalarla “ört-basdır” etməyə çalışır. Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, düzgün qidalanma stress və depressiya ilə mübarizədə mühüm rol oynayır. Qidalanma rejimini dəyişməklə həm əhval-ruhiyyəni yaxşılaşdırmaq, həm də artıq çəkidən xilas olmaq mümkündür.
Mütəxəssislər bildirirlər ki, depressiya yalnız emosional deyil, həm də fiziki əlamətlərlə özünü göstərir. Daimi yorğunluq, yuxu problemləri, iştahanın dəyişməsi, əsəbilik və diqqət çatışmazlığı bu halların əsas göstəriciləridir. Qida üzrə mütəxəssis Olga Petrova qeyd edir ki, bu dövrdə düzgün seçilmiş qidalar beyin fəaliyyətinə müsbət təsir göstərərək əhvalı stabilləşdirə bilər.
Stresslə mübarizədə xüsusilə B qrupu vitaminləri və triptofanla zəngin qidalar önəmlidir. Bu maddələr orqanizmdə enerji mübadiləsini dəstəkləyir və “xoşbəxtlik hormonu” kimi tanınan serotonin səviyyəsinin artmasına kömək edir. Bu baxımdan yağsız ət, balıq, yumurta sarısı, süd məhsulları, paxlalılar, qoz-fındıq və banan kimi məhsullar tövsiyə olunur. Bu qidalar həm də uzun müddət toxluq hissi yaradır.
Kalsium və maqnezium da sinir sistemi üçün vacib elementlər hesab olunur. Süd məhsulları, göyərti, yulaf və qoz-fındıq kalsium mənbəyidir. Maqnezium isə xüsusilə yaşıl tərəvəzlərdə, dənli bitkilərdə və bəzi ədviyyatlarda olur. Bu minerallar sinir sistemini sakitləşdirir və stressin təsirlərini azaltmağa kömək edir.
Mütəxəssislər kofein qəbulunun azaldılmasını da tövsiyə edirlər. Çünki qəhvə və güclü çay qısa müddətli enerji versə də, iştahanı artırır və sinir sisteminə əlavə yük yaradır. Bunun əvəzinə bitki çayları və təbii içkilər daha faydalı hesab olunur. Şirin məhsullar əvəzinə isə quru meyvələrə üstünlük vermək daha məqsədəuyğundur.
Gündəlik rasionda balansın qorunması da əsas şərtlərdən biridir. Məsələn, səhər yeməyində ispanaqlı omlet və tam taxıllı çörək, günorta yeməyində zülal və tərəvəz balansı, axşam isə yüngül balıq yeməkləri tövsiyə olunur. Ara yeməklərdə isə qoz-fındıq və meyvələr istifadə edilə bilər.
Sonda qeyd olunur ki, düzgün qidalanma təkcə fiziki sağlamlıq üçün deyil, həm də psixoloji vəziyyət üçün böyük əhəmiyyət daşıyır. Bir neçə həftə ərzində balanslı rasiona əməl etməklə əhval-ruhiyyəni yaxşılaşdırmaq və ümumi həyat keyfiyyətini artırmaq mümkündür.






