Qəhvə gündəlik həyatın ayrılmaz hissəsi olsa da, bəzi hallarda onun qəbulu sağlamlıq üçün risk yarada bilər. Foodinfo.az Lenta.ru saytına istinadla xəbər verir ki, həkim-terapevt Aleksandr Kozlov qəhvənin bəzi insanlarda arterial təzyiqin qısa müddətli yüksəlməsinə səbəb ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, kofein damarların daralmasına təsir göstərir və bu da təzyiqin artmasına gətirib çıxara bilər. Xüsusilə qəhvəni nadir hallarda içən şəxslər və nəzarətsiz hipertoniyadan əziyyət çəkən insanlar bu baxımdan daha riskli qrup hesab olunur. Əgər arterial təzyiq yüksək səviyyədədirsə və hələ uyğun müalicə seçilməyibsə, hətta az miqdarda kofein belə vəziyyətin pisləşməsinə səbəb ola bilər.
Həkim vurğulayır ki, belə hallarda müalicə dövründə qəhvədən müvəqqəti imtina etmək tövsiyə olunur. Lakin təzyiqi nəzarət altında olan şəxslər üçün gündə 1–2 fincan qəhvə adətən təhlükəli hesab edilmir və ölçülü şəkildə qəbul oluna bilər.
Bununla yanaşı, yuxu çatışmazlığı, xroniki stress və həddindən artıq yorğunluq da kofeinə qarşı həssaslığı artırır. Belə vəziyyətlərdə qəhvə qəbulu hətta sağlam insanlarda belə təzyiqin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb ola bilər. Bu səbəbdən qəhvə istehlakı zamanı ümumi həyat tərzinə də diqqət yetirmək vacibdir.






