Sadə bir qida dəyişikliyi – gündəlik menyuya çiyələk əlavə etmək – xüsusilə yaşlı insanlarda sağlamlığa ciddi müsbət təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, bu giləmeyvə həm ürək-damar sistemini, həm də beyin fəaliyyətini dəstəkləyir.

Foodinfo.az BB.lv saytına istinadla xəbər verir ki, aparılan araşdırmada 60–70 yaş arası 25 sağlam insan iştirak edib və onlar 8 həftə ərzində gündəlik olaraq çiyələyə ekvivalent olan xüsusi toz qəbul ediblər. Daha sonra fasilə verilib və proses yenidən təkrarlanıb.

Araşdırma müddətində iştirakçıların yaddaşı, düşünmə sürəti, qan təzyiqi və ümumi metabolik göstəriciləri izlənilib. Nəticələr göstərib ki, çiyələk qəbul edən şəxslərdə idrak funksiyalarının işləmə sürəti 5,2 faiz artıb, sistolik qan təzyiqi isə 3,6 faiz yaxşılaşıb.

Alimlər qeyd edirlər ki, çiyələk tərkibindəki antioksidantlar və faydalı maddələr sayəsində həm beyin hüceyrələrini qoruyur, həm də ürək-damar sisteminə müsbət təsir göstərir. Bu təsirlər daha əvvəlki tədqiqatlarda da müşahidə olunub.

Mütəxəssislər hesab edir ki, gündə cəmi iki porsiya çiyələyin rasiona daxil edilməsi yaşlanma prosesində beyin fəaliyyətinin qorunmasına və qan təzyiqinin tənzimlənməsinə kömək edə bilər.