Son elmi araşdırmalar göstərir ki, qidalanma tərzi insan ömrünün uzunluğuna birbaşa təsir edir və yanlış seçimlər bu müddəti əhəmiyyətli dərəcədə azalda bilər. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, alimlər düzgün qurulmuş rasionun həyat keyfiyyətini artırmaqla yanaşı, ömrü uzatmaq potensialına malik olduğunu bildirirlər.
Tədqiqatlara görə, yüksək kalorili və emal olunmuş qidalar – xüsusilə fast-food, qazlı içkilər, çipslər və şirin məhsullar – sağlamlıq üçün ciddi risk yaradır və erkən ölüm ehtimalını artırır. Alimlər belə qidaları “kalori bombası” adlandıraraq onların qəbulunun məhdudlaşdırılmasını tövsiyə edirlər. Bunun əvəzində rasionda paxlalılar, tam taxıllar, tərəvəzlər və sağlam yağlar üstünlük təşkil etməlidir.
Mütəxəssislər bildirirlər ki, ideal qidalanmada karbohidratlar əsasən keyfiyyətli mənbələrdən 45–60%, zülallar isə daha çox bitki mənşəli olmaqla 25–35% təşkil etməlidir. Eyni zamanda qırmızı və emal olunmuş ətin azaldılması, şəkər və rafinə edilmiş məhsulların minimuma endirilməsi tövsiyə olunur. Balıq, qoz-fındıq və zeytun yağı kimi məhsullar isə sağlam seçimlər arasında yer alır.
Araşdırma müəllifləri əlavə edirlər ki, qidalanma rejimi də vacibdir – gün ərzində yemək qəbulunun 11–12 saatlıq zaman çərçivəsində olması və müəyyən dövrlərdə fasiləli aclığın tətbiqi orqanizm üçün faydalı ola bilər. Bununla yanaşı, 65 yaşdan yuxarı şəxslər üçün zülal qəbulunun bir qədər artırılması vacib hesab olunur, çünki bu, əzələ kütləsinin qorunmasına kömək edir.
Alimlərin yekun nəticəsinə görə, düzgün və balanslı qidalanma vərdişlərinə əməl edən insanlar hətta yaşlı dövrlərdə belə ömürlərini bir neçə il uzada bilərlər. Buna görə də gündəlik rasionda keyfiyyətli və təbii məhsullara üstünlük vermək sağlam və uzun ömür üçün əsas şərt sayılır.






