

AzFood xəbər verir ki, bununla bağlı “Yeni Sabah”a açıqlama verən qida mütəxəssisi İsa Əliyev qeyd edib ki, bu məhsul yeyilərkən mütləq sanitar-gigiyenik qaydalara uyğun olaraq təmizləndiyindən əmin olmalıyıq:
“Midyə Azərbaycanda klassik ticarət məhsulu deyil. Şəxsən mən özüm də midyə həvəskarıyam. Azərbaycana dəniz məhsulları müxtəlif xarici ölkələrdən gətirilir. Amma midyə ölkəmizdə satışı və ya idxalı populyar olan bir məhsul deyil. Azərbaycanda dəniz məhsulları istehsal edən firmaların bu işlə məşğul olduğunu sanmıram. Türkiyədə mütləq şəkildə istənilən küçədə bir midyə satan görə bilərsiz. Bizdə isə hələlik bu qədər populyarlaşmayıb. Ola bilər ki, bununla əlaqədar hələ ki Qida Təhlükəsizliyi Agentliyi labarotoriya işləri aparmasın. Lakin bununla əlaqədar çox vacib araşdırmalar aparılmalıdır. Çünki çirkab sularından çıxarılan midyələrin ölkəmizə gətirilməsi bir çox xəstəliklərə səbəb ola bilər. Belə midyədə bir çox bakteriyalar – salmanella, Staphylococcus aureus ( qızılı stafilokokk), ekoli və s.ola bilər. Bu da insanlarda zəhərlənmələrə və digər problemlərə səbəbiyyət verə bilər. Dəniz məhsulları bütün gigiyenik-sanitar qaydalar riayət edilərək, təmizlənməlidir. İnanıram ki, bununla bağlı lazımı tədbirlər görüləcək”.
Mütəxəssis həmçinin midyənin saxlanma şəraiti ilə bağlı da məlumat verib:
“Əgər midyənin saxlanma şəraiti yaxşıdırsa, yəni dərin dondurucularda saxlanılırsa, daha uzun müddət saxlamaq mümkündür. Amma normal şəraitdə saxlanılırsa, bir və ya 2 gün ərzində yeyilməlidir. Amma satış məqsədilə hardansa hara məhsul göndərilirsə, -18 dərəcədə olan dondurucular vasitəsilə göndərilir.
Hər şeydən əvvəl məhsulun təmizliyinə diqqət yetirmək lazımdır. Bilirsiz ki, təkcə bu məhsulun içində midyənin özü olmur, küçədə satılan midyənin içərisinə düyü də qatılır. Amma onun hansı sanitar-gigiyenik qaydalara riayət edilərək bişirilməsi sual altındadır”.