Qış aylarında satışda ən çox diqqət çəkən meyvələrdən biri mandarin olur, xüsusilə də yarpaqlı olanlar göz oxşayır. Foodinfo.az URA.RU-ya istinadən xəbər verir ki, Perm Politexinin “Ətraf mühitin mühafizəsi” kafedrasının aparıcı mühəndisi Mariya Kombarova yarpaqlı mandarinlərin satılmasının daha çox marketinq gedişi olduğunu bildirib.
Mütəxəssis deyib ki, sitrus yarpaqları qalın olduğu üçün uzun müddət solmur və bu da meyvənin daha yeni dərilmiş kimi görünməsinə şərait yaradır. Onun sözlərinə görə, alıcıda “təravət hissi” formalaşdıran əsas detal məhz yarpaqlardır. Kombarova qeyd edib ki, yarpaqlı mandarinlər hətta daha baha qiymətə satıla bilər, çünki ilk təəssürat çox vaxt seçimə təsir edir.
Bununla yanaşı, mühəndis bildirib ki, meyvənin yarpağı ilə yığılması daha az zədələnmə riski yaradır və qabığın bütöv qalmasına kömək edir. O vurğulayıb ki, yarpağın olması meyvənin keyfiyyəti barədə birbaşa göstərici deyil. Kombarova alıcılara tövsiyə edib ki, seçərkən təkcə görünüşə yox, qabığın elastikliyinə, ətirinə və ləkələrin olub-olmamasına da diqqət etsinlər. Mütəxəssis onu da əlavə edib ki, yarpaqlı mandarinin təravətli olması mümkündür, lakin yarpaqsız olanlar da eyni dərəcədə keyfiyyətli ola bilər.






