Bir çox insan gecə yatmazdan əvvəl və ya gecəyarısı oyanaraq soyuducuya üz tutur. Mütəxəssislər bunun sadəcə vərdiş deyil, həm də bioloji səbəblərlə bağlı olduğunu bildirirlər.

Foodinfo.az xarici mənbələrə istinadla xəbər verir ki, gec saatlarda yemək istəyi çox vaxt gün ərzində qeyri-kafi qidalanma ilə əlaqədar olur. Səhər yeməyinin buraxılması və ya uzun müddət ac qalmaq axşam saatlarında iştahanın kəskin artmasına səbəb olur.

Alimlər bildirirlər ki, gec yatmaq da qrelin adlı aclıq hormonunun səviyyəsini artırır. Eyni zamanda toxluq hissi yaradan leptin hormonunun fəaliyyəti zəifləyir. Nəticədə insan daha çox yemək istəyir.

Stress və narahatlıq da gecə qidalanmasının əsas səbəbləri sırasındadır. Bəzi insanlar yeməyi rahatlaşma vasitəsi kimi qəbul edir və bu vərdiş zamanla daimi xarakter alır.

Mütəxəssislər gecə qidalanmasının qarşısını almaq üçün axşam yeməyinin balanslı olmasını, kifayət qədər protein və lif tərkibli qidaların qəbul edilməsini tövsiyə edirlər.