Ləbləbi qovrulmuş noxuddan hazırlanan, həm dadlı, həm də faydalı bir qəlyanaltıdır. O, qədimdən bu günə qədər həm qış aylarında çay süfrələrinin bəzəyi, həm də sağlam qida mənbəyi kimi tanınıb. Amma ləbləbinin faydalarından tam şəkildə yararlanmaq üçün onu düzgün şəkildə yemək vacibdir. 

Foodinfo.az xəbər verir ki, ləbləbi qidalı və enerjili bir məhsuldur. Tərkibində zülal, lif və faydalı karbohidratlar var. Amma eyni zamanda kalori baxımından zəngindir. Buna görə də gün ərzində bir ovuc (təxminən 30-50 qram) kifayət edir. Həddindən artıq miqdarda yeyilməsi köklüyə və həzm problemlərinə səbəb ola bilər.

Ləbləbi quru və bərk olduğu üçün onu yaxşıca çeynəmək lazımdır. Yavaş-yavaş yemək həm həzmi asanlaşdırır, həm də toxluq hissini tez yaradır. 

Bazarda, marketlərdə duzlu və ya ədviyyatlı ləbləbilər satılır. Ancaq sağlamlıq baxımından duzsuz və sade olanlar daha faydalıdır. Duzlu ləbləbi təzyiqi yüksəldə bilər, xüsusilə hipertoniya xəstələri üçün zərərli ola bilər.

Bu çərəz çayla, qatıqla və ya meyvə ilə birlikdə yeyildikdə həm ləzzətli, həm də balanslı qida olur. Səhər və ya günorta ara yeməyi kimi istifadə edilə bilər. Lifli olduğu üçün uzun müddət toxluq hissi verir.

Ləbləbi uşaqlar üçün faydalı olsa da, 3 yaşdan kiçik uşaqlara verilməsi tövsiyə edilmir, çünki boğulma riski ola bilər. Böyük uşaqlara isə əzmə və ya üyüdülmüş formada verilə bilər.

Onu quru, sərin və günəş görməyən yerdə saxlanmalıdır. Nəmlik və hava ilə təmas onun dadını və tərkibini poza bilər. Hava keçirməyən qabda saxlamaq ən yaxşı üsuldur.