Zəncəfil orqanizmi isidən və immuniteti gücləndirən təsiri ilə tanınsa da, onu hər kəs istifadə etməməlidir. Foodinfo.az xəbər verir ki, pəhriz üzrə mütəxəssis və sağlam qidalanma məsləhətçisi Larisa Nikitina bəzi insanlarda zəncəfilin fayda əvəzinə zərər verə biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, zəncəfil qan dövranını artırır, həzmi yaxşılaşdırır, immuniteti möhkəmləndirir və təbii enerji mənbəyi sayılır. Lakin onun güclü təsir xüsusiyyəti müəyyən xəstəliklər zamanı bədənə mənfi təsir göstərə bilər.

Larisa Nikitina vurğulayıb ki, xroniki xəstəliyi olanlar və mütəmadi dərman qəbul edənlər zəncəfildən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Çünki zəncəfil bəzi dərmanların təsirini azalda və ya əksinə, gücləndirə bilər.

Mütəxəssis xüsusilə aşağıdakı insan qruplarına diqqət olunmasını tövsiyə edib:

Mədə turşuluğu yüksək olanlar və mədə yarası xəstələri;

Təzyiq və ürək-damar problemi yaşayanlar;

Qanı duruldmaq üçün dərman qəbul edənlər;

Böyrək xəstələri;

Üç yaşına qədər uşaqlar;

Hamilə qadınlar (yalnız həkimlə məsləhətləşərək);

Zəncəfilə qarşı allergiyası olan şəxslər.

Nikitina əlavə edib ki, zəncəfil sağlam insanlar üçün faydalı olsa da, onu həddindən artıq miqdarda qəbul etmək də düzgün deyil. Gün ərzində bir stəkan zəncəfil çayı və ya az miqdarda təzə kök bədən üçün kifayət edir.

Mütəxəssis xəbərdarlıq edib: “Hər bir təbii məhsul kimi zəncəfil də düzgün istifadə olunmadıqda orqanizmə zərər verə bilər. Sağlamlığın qorunması üçün ölçü saxlamaq və bədəni dinləmək vacibdir.”