Qəhvənin canlandırıcı təsiri bəzən mədə üçün arzuolunmaz nəticələr doğura bilər. Foodinfo.az xəbər verir ki, “Skandinaviya Sağlamlıq Mərkəzi”nin qastroenteroloqu Olqa Çistik Lenta.ru-ya açıqlamasında qəhvənin, xüsusilə həssas mədəyə malik insanlarda, qıcqırma və yanma hissinə səbəb ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, qəhvə mədədə turşuluğu artırır və bu, reflüks və ya qastrit kimi problemləri olan şəxslərdə simptomları gücləndirə bilər. “Əgər sizdə qastrit və ya turşuluğun geriyə axması (reflüks) varsa, qəhvəni acqarına deyil, yeməklə birlikdə və günün ilk yarısında içmək daha məqsədəuyğundur,” – deyə Çistik məsləhət görüb.
O, həmçinin qeyd edib ki, acqarına içilən qəhvə mədənin selikli qişasını qıcıqlandıra və turşu istehsalını artıraraq yanma hissini gücləndirə bilər.
Həkim bildirib ki, qəhvədən tam imtina etməyə ehtiyac yoxdur, lakin onun miqdarına və içilmə vaxtına diqqət edilməlidir. “Gündə bir-iki fincan, xüsusən də səhər yeməyi ilə birlikdə içilən təbii qəhvə orqanizm üçün zərərli deyil. Lakin onu şəkər və süddən çox ağırlaşdırmaq da məsləhət deyil,” – deyə Çistik əlavə edib.
Qastroenteroloq vurğulayıb ki, mədə həssaslığı olan şəxslər kofeinsiz variantlara və ya zəif dəmlənmiş qəhvəyə üstünlük verə bilərlər. O, həmçinin qeyd edib ki, qəhvəni içdikdən sonra uzanmaq olmaz – bu, turşunun qida borusuna qayıtmasına şərait yaradır.
Mütəxəssislər ümumilikdə hesab edirlər ki, qəhvə düzgün içildikdə faydalı içki sayıla bilər, lakin onu səhər acqarına və çox miqdarda qəbul etmək mədə sağlamlığına zərər vura bilər.






