Payız mövsümündə yerkökü göz sağlamlığını qorumaqda mühüm rol oynayır. Foodinfo.az xəbər verir ki, “Xoşbəxt baxış” optika şəbəkəsinin oftalmoloqu Svetlana Petuxova Lenta.ru-ya açıqlamasında yerkökünün tərkibindəki A vitamininin göz torluğunun normal fəaliyyətini, xüsusilə də qaranlıq şəraitdə görmə qabiliyyətini dəstəklədiyini bildirib.

Mütəxəssisin sözlərinə görə, A vitamini çatışmazlığı gecə korluğuna və görmə zəifləməsinə səbəb ola bilər, buna görə də payızda yerkökü, balqabaq və şirin bibər kimi A vitamini ilə zəngin məhsulların istifadəsi xüsusi əhəmiyyət daşıyır.

Petuxova əlavə edib ki, gözləri yalnız qida ilə deyil, həm də xarici təsirlərdən qorumaq vacibdir. Onun sözlərinə görə, ultrabənövşəyi şüaların mənfi təsirindən qorunmaq üçün gün eynəklərindən istifadə edilməli, həmçinin bəzi məhsullar bu funksiyanı daxildən dəstəkləyə bilər.

“Şpinat, brokkoli və qarğıdalı kimi tərəvəzlərdə lütein və zeaksantin adlı maddələr var. Onlar gözləri gün işığının zərərli təsirlərindən qoruyan təbii filtr rolunu oynayır,” – deyə həkim vurğulayıb.

Oftalmoloq həmçinin balanslı qidalanma, kifayət qədər yuxu və ekran qarşısında fasilələrin göz sağlamlığını qorumaqda mühüm rol oynadığını xatırladıb.

Mütəxəssis xəbərdarlıq edib ki, yerkökünün faydalı təsiri yalnız müntəzəm və balanslı şəkildə istifadə olunduqda müşahidə edilir – “bir dəfə çox yemək yox, hər gün bir az” prinsipi burada əsas şərtdir.