Qış aylarının sevilən meyvələrindən olan mandarin orqanizmin C vitamini tələbatını tam ödəyə bilər. Foodinfo.az Aif.ru saytına istinadla xəbər verir ki, bioloji elmlər doktoru, professor Vera Kodensovanın sözlərinə görə, cəmi üç mandarin insanın sutkalıq C vitamini ehtiyacını qarşılayır.
Mütəxəssis bildirib ki, mandarinlər askorbin turşusunun ən güclü mənbələrindən biridir. Hər 100 qram mandarin tərkibində 38 milliqram C vitamini saxlayır ki, bu da gündəlik normanın təxminən 30 faizinə bərabərdir. Bu səbəbdən gündə üç orta ölçülü mandarin qəbul etmək immun sisteminin səmərəli işləməsini təmin edir.
Professorun sözlərinə görə, mandarinlərin faydası təkcə C vitamini ilə məhdudlaşmır. Onların tərkibində antioksidant xüsusiyyətə malik flavonoidlər də var. Bu maddələr orqanizmdə oksidləşmə proseslərini azaldır, damar divarlarında iltihabın qarşısını alır, xolesterinin bədəndən xaric olunmasına kömək edir və ürək-damar sistemini qoruyur. Ən çox flavonoid isə mandarin qabığının altındakı ağ lifli təbəqədə olur.
Bundan əlavə, mandarinlər kalium və maqneziumla da zəngindir. Bu elementlər ürək sağlamlığının qorunmasında mühüm rol oynayır, həmçinin tərkibindəki liflər həzmi yaxşılaşdırır.
Lakin professor xəbərdarlıq edir ki, hər bir faydalı məhsul kimi mandarin də ölçülü şəkildə yeyilməlidir. Bu meyvə bəzi insanlarda allergiya yarada bilər. Eləcə də, tərkibindəki turşular səbəbindən mədə xorası və həzm yollarında iltihab olan şəxslərə ehtiyatla istifadə etmək məsləhət görülür.






