Uşaqlıqda sevmədiyimiz bir çox qidanı böyüdükcə rahatlıqla qəbul etməyə başlayırıq. Bəzən isə həmin məhsullar ən sevdiyimiz yeməklərə çevrilir.
Foodinfo.az xarici mənbələrə istinadla xəbər verir ki, bunun əsas səbəbi dad reseptorlarının zamanla dəyişməsidir. Uşaqlarda dad hissi daha həssas olur və xüsusilə acı dadlara qarşı güclü reaksiya müşahidə edilir.
Mütəxəssislər bildirirlər ki, yaş artdıqca dad və qoxu reseptorlarının fəaliyyəti dəyişir. Bu səbəbdən əvvəllər xoşagəlməz görünən qidalar daha cəlbedici qəbul edilir.
Araşdırmalar göstərir ki, qidanın dadına təkcə dil deyil, həm də qoxu hissi təsir edir. Yaşlandıqca qoxulara münasibət dəyişdiyindən yeməklərin qavranılması da fərqlənir.
Psixoloqların fikrincə, sosial mühit və təcrübə də qida seçimlərinə təsir göstərir. İnsan müəyyən qidaları dəfələrlə sınadıqca onlara alışır və qəbul etməyə başlayır.






