Qəhvə dünyanın ən çox istehlak edilən içkilərindən biridir. Tərkibindəki kofein sayəsində ayıqlığı artırsa da, həddindən artıq qəhvə qəbulu sağlamlıq üçün bəzi risklər yarada bilər. Qəhvənin faydası onun miqdarından asılıdır.
Foodinfo.az xəbər verir ki, artıq miqdarda qəhvə içmək ürək döyüntüsünün sürətlənməsinə, əsəbilik, narahatlıq və əllərdə titrəməyə səbəb olur. Kofeinə həssas insanlarda bu təsirlər daha qabarıq müşahidə edilir.
Həddindən artıq qəhvə yuxu keyfiyyətini də poza bilər. Günün gec saatlarında qəbul edilən kofein yuxuya getməyi çətinləşdirir, yuxunun müddətini və keyfiyyətini azaldır. Bu isə gün ərzində yorğunluq və diqqət dağınıqlığına səbəb olur.
Bəzi insanlarda çox qəhvə mədə turşuluğunu artıraraq mədə yanması, reflüks və həzm narahatlıqlarını gücləndirir. Bundan əlavə, qəhvənin sidikqovucu təsiri orqanizmdən maye itkisinin artmasına səbəb olur. Buna görə qəhvə ilə yanaşı kifayət qədər su içmək tövsiyə olunur.
Sağlam yetkin insanlar üçün gündə təxminən 400 mq-a qədər kofein (təxminən 3–4 fincan dəmlənmiş qəhvə) əksər insanlar üçün təhlükəsiz hesab olunur. Lakin hamilə qadınlar, ürək ritm pozğunluğu olanlar və kofeinə həssas şəxslər qəhvə qəbulunu həkim məsləhətinə uyğun tənzimləməlidirlər.
Qəhvədən maksimum fayda əldə etmək üçün onu şəkərsiz və ya az şəkərlə qəbul etmək, günün gec saatlarında içməmək və normanı aşmamaq tövsiyə edilir.






