Sağlam həyat tərzinin əsas şərtlərindən biri keyfiyyətli yuxudur. Düzgün qidalanma yuxunun müddəti və keyfiyyətinə birbaşa təsir göstərir. Bəzi qidalar orqanizmdə melatonin və serotonin hormonlarının sintezinə dəstək verərək daha rahat və dərin yuxuya kömək edir.

Foodinfo.az xəbər verir ki, yuxudan əvvəl qəbul edilən süd və qatıq triptofan və kalsium sayəsində sinir sistemini sakitləşdirir. Maqnezium və kaliumla zəngin banan əzələlərin boşalmasına kömək edir, qoz və badam isə tərkibindəki sağlam yağlar, maqnezium və təbii melatonin sayəsində yuxu keyfiyyətini dəstəkləyir.

Kompleks karbohidrat mənbəyi olan yulaf əzməsi serotonin ifrazını artırmağa kömək edir. Albalı təbii melatonin ehtiva etdiyi üçün axşam saatlarında faydalı seçim hesab olunur. Kivi isə antioksidantlar və vitaminlərlə zəngin olduğundan daha rahat yuxuya getməyə kömək edir.

Axşam saatlarında qəhvə, enerji içkiləri, tünd çay, ağır və yağlı yeməklər, eləcə də həddindən artıq şəkərli qidalardan uzaq durmağı tövsiyə edilir. Bu qidalar yuxuya getməyi çətinləşdirə və gecə yuxusunun keyfiyyətini azalda bilər.

Unutmayın ki, keyfiyyətli yuxu üçün düzgün qidalanma ilə yanaşı, hər gün eyni saatda yatmaq, yatmazdan əvvəl telefon və digər elektron cihazlardan istifadəni məhdudlaşdırmaq, sakit və rahat yuxu mühiti yaratmaq da böyük əhəmiyyət daşıyır.