Ağ göbələk şəkərli diabetdən əziyyət çəkən insanların rasionuna daxil edilə bilər, lakin onun hazırlanma üsulu böyük əhəmiyyət daşıyır. Foodinfo.az bildirir ki, tibb elmləri namizədi, dietoloq Darya Rusakovanın sözlərinə görə, bu məhsul aşağı kalorili olması və az miqdarda karbohidrat ehtiva etməsi ilə seçilir.
Mütəxəssis qeyd edib ki, ağ göbələyin 100 qramında təxminən 20-30 kilokalori enerji var və onun qlisemik indeksi aşağıdır. Bu səbəbdən məhsul qanda qlükoza səviyyəsinin kəskin yüksəlməsinə səbəb olmur. Lakin diabet xəstələrinin göbələyi necə hazırladığı da vacib amillərdən hesab olunur.
Dietoloqun sözlərinə görə, şəkərli diabet zamanı qaynadılmış və ya sobada bişirilmiş ağ göbələklərə üstünlük verilməlidir. Kartof və ya pendirlə birlikdə qızardılmış göbələklər, eləcə də duzlu və marinadlaşdırılmış məhsullar tövsiyə edilmir. Belə qidalar həm kaloriliyi artırır, həm də bəzi hallarda orqanizmə əlavə yük yarada bilər.
Mövzu ilə bağlı danışan dietoloq Yelena Ustinova isə zülal qəbulunun vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, sağlam yetkin insanın gündəlik zülal tələbatı hər kiloqram bədən çəkisinə görə orta hesabla 1-1,5 qram təşkil edir. Mütəxəssis bildirib ki, zülalın mənimsənilməsinə qidanın yaxşı çeynənməsi və həzm sisteminin vəziyyəti də təsir göstərir.
Ekspertlər vurğulayırlar ki, ət, balıq, quş əti, yumurta, süd məhsulları və dəniz məhsulları zülalın əsas mənbələri hesab olunur. Ağır böyrək və ya qaraciyər xəstəlikləri olmayan insanların əksəriyyəti üçün əsas məsələ rasionda kifayət qədər zülalın olmasına nəzarət etməkdir. Bu baxımdan düzgün hazırlanmış ağ göbələk də balanslı qidalanmanın bir hissəsi ola bilər.






