Qəhvə dünyanın ən populyar içkilərindən biri olsa da, onun sağlamlığa təsiri ilə bağlı müzakirələr davam edir. Mütəxəssislər bildirirlər ki, qəhvə əksər sağlam insanlar üçün təhlükəli hesab olunmur, lakin bəzi hallarda onun qəbulu fərdi şəkildə tənzimlənməlidir. Foodinfo.az Regions.ru saytına istinadla xəbər verir ki, kardioloq Natalya Aqapova sağlam böyüklərin gündə üç-dörd fincan qəhvə içə biləcəyini bildirib.

Həkimin sözlərinə görə, kofein damarların müvəqqəti daralmasına, ürək döyüntülərinin sürətlənməsinə və arterial təzyiqin qısamüddətli yüksəlməsinə səbəb ola bilər. Natalya Aqapova qeyd edib ki, müntəzəm olaraq qəhvə içən insanların orqanizmi bu təsirə müəyyən qədər uyğunlaşır. Təzyiqdə daha kəskin dəyişikliklər isə adətən qəhvəni nadir hallarda qəbul edən və birdən-birə böyük porsiyalar içən şəxslərdə müşahidə olunur.

Mütəxəssis hipertoniyası olan insanlara qəhvəni yalnız yeməkdən sonra qəbul etməyi tövsiyə edib. Onun sözlərinə görə, belə hallarda gündə bir-iki fincandan artıq qəhvə içmək məsləhət görülmür. Yüksək xolesterini olan şəxslər üçün isə filtrdən keçirilmiş və ya həll olunan qəhvə növləri daha uyğun hesab edilir. Filtrsiz hazırlanmış türk qəhvəsi və bəzi espresso növlərinin isə daha məhdud istehlak edilməsi tövsiyə olunur.

Natalya Aqapova vurğulayıb ki, qəhvənin özü deyil, nəzarətsiz və həddindən artıq istifadəsi problem yarada bilər. Buna görə də hər bir insan öz sağlamlıq vəziyyətini nəzərə alaraq qəhvə qəbuluna yanaşmalıdır.