Kartof gündəlik qidalanmada geniş istifadə olunan məhsuldur, lakin onun hazırlanma üsulu sağlamlığa ciddi təsir göstərə bilər. Mütəxəssislər bəzi bişirmə formalarının orqanizm üçün daha zərərli olduğunu bildirirlər.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux kartofun bəzi hazırlanma üsullarının sağlamlığa mənfi təsir göstərə biləcəyini deyib.
Onun sözlərinə görə, kartof püresi, kartof fri və həddindən artıq qızardılmış kartof ən zərərli variantlar hesab olunur. Bu cür hazırlanma zamanı yeməklər yüksək kalorili olur, tərkibində duz və yağ miqdarı artır və nəticədə qidalanma balansı pozulur.
Mütəxəssis əlavə edib ki, yüksək temperaturda bişirmə zamanı kartofda akrilamid adlı maddə əmələ gələ bilər. Bu maddə sinir sistemi və onkoloji xəstəliklərin riskinin artması ilə əlaqələndirilir.
Həkim daha sağlam seçim kimi kartofun qaynadılması və sobada bişirilməsini tövsiyə edib. Xüsusilə qabıqlı şəkildə sobada bişirilmiş kartof daha faydalı sayılır, çünki o, əlavə lif və mikroelementlər saxlayır.
Bundan əlavə, soyudulmuş qaynadılmış kartofun da faydalı olduğu bildirilir. Soyuma prosesi zamanı nişastanın bir hissəsi rezistent nişastaya çevrilir ki, bu da bağırsaq mikroflorasına müsbət təsir göstərir.
Mütəxəssislər həmçinin kartof çipslərini ən zərərli məhsullar sırasında qeyd edirlər. Onların tərkibində yüksək miqdarda yağ, duz və müxtəlif əlavələr olur ki, bu da uzunmüddətli istifadədə artıq çəki və ürək-damar xəstəlikləri riskini artıra bilər.






