Duz orqanizmin normal fəaliyyəti üçün vacib minerallardan biri olsa da, onun normadan artıq qəbulu sağlamlıq üçün ciddi risklər yarada bilər. Duzun həddindən artıq istehlakı ilk növbədə ürək-damar sistemi və böyrəklərə mənfi təsir göstərir.

Foodinfo.az xəbər verir ki, ən mühüm risklərdən biri arterial təzyiqin yüksəlməsidir. Yüksək duz qəbulu orqanizmdə mayenin tutulmasına səbəb olaraq qan təzyiqini artırır. Bu isə uzunmüddətli dövrdə ürək xəstəlikləri və insult riskini yüksəldir.

Artıq duz böyrəklərin iş yükünü də artırır. Böyrəklər orqanizmdən artıq natriumu xaric etməyə çalışdığı üçün zamanla onların fəaliyyəti zəifləyir. Bundan əlavə, yüksək duz qəbulu böyrək daşı riskini də artırır.

Normadan artıq duz sümüklərdən kalsiumun itirilməsini sürətləndirir. Bu da uzun müddətdə sümük sağlamlığına mənfi təsir göstərə və osteoporoz riskini artıra bilər.

Duzun çox istehlakı həmçinin ödemə, yəni orqanizmdə maye toplanmasına səbəb olur. Nəticədə əl, ayaq və üz nahiyəsində şişkinlik yaranır.

Ümumdünya Səhiyyə Təşkilatı sağlam yetkinlər üçün gündə 5 qramdan (təxminən 1 çay qaşığı) artıq duz qəbul etməməyi tövsiyə edir. Bu miqdara çörək, pendir, konservlər, kolbasa və digər hazır qidalardakı "gizli duz" da daxildir.

Sağlamlığı qorumaq üçün yeməklərə əlavə edilən duzun miqdarını azaltmaq, emal olunmuş qidaları məhdudlaşdırmaq və yeməklərə dad vermək üçün göyərti, sarımsaq, limon suyu və müxtəlif ədviyyatlardan istifadə etmək tövsiyə edilir.