Qatıq həm ləzzətli, həm də sağlamlıq baxımından faydalı bir süd məhsuludur. Ev şəraitində hazırlanan və ya mağazadan alınan qatıq düzgün saxlanılmadıqda tez turşuyur və istifadəyə yararsız hala gəlir. 

Foodinfo.az qatığın tez turşumaması üçün bəzi tədbirləri təqdim edir:

1. Qatığı düzgün temperaturda saxlayın

Saxlanılma temperaturu ən vacib amillərdən biridir. Onu soyuducuda 4-5°C temperaturda saxlamaq lazımdır. İsti mühitdə saxlanılan qatıqda bakteriyalar sürətlə çoxalır və bu da onun tez turşumasına səbəb olur.

2. Qapağını möhkəm bağlayın

Hava ilə təmasda olduqda daha tez xarab olur. Buna görə istifadə etdikdən sonra qabın qapağını bərk bağlamaq və qatığı açıq şəkildə saxlamamaq çox önəmlidir.

3. Təmiz qaşıq istifadə edin

Qatıqdan götürərkən təmiz və quru qaşıq istifadə edilməlidir. Nəmli və ya artıq yeməklə təmas etmiş qaşıqlar qatığın içinə mikroblar daşıya bilər. Bu da onun tez turşumasına və dadının dəyişməsinə səbəb olur.

4. Qatığı dərin qabda saxlayın

Daha yaxşı qorunması üçün şüşə və ya emallı qablarda saxlanmalıdır. Plastik qablar uzun müddətdə bakteriya tutaraq qatığın ömrünü azalda bilər.

5. Qatığı uzun müddət otaq temperaturunda saxlamayın

Qatıq yemək zamanı süfrəyə çıxarıldıqda otaq temperaturunda çox qalmamalıdır. İstifadə edildikdən sonra dərhal soyuducuya qoyulmalıdır.

6. Evdə qatıq hazırlayarkən təmizliyə diqqət edin

Ev şəraitində qatıq hazırlayarkən istifadə olunan süd, maya (köhnə qatıq) və qablar tam steril və təmiz olmalıdır. Əks halda qatıq düzgün mayalanmaz və tez xarab olar.

7. Duz əlavə etmək 

Bəzi insanlar qatığa az miqdarda duz əlavə etməklə onun ömrünü uzadırlar. Duz bakteriya inkişafını bir qədər ləngidə bilər, lakin bu üsul qatığın dadını dəyişdiyindən ehtiyatla tətbiq olunmalıdır.

Bu qaydalara əməl etməklə həm israfın qarşısını ala, həm də daha sağlam şəkildə qida qəbul edə bilərik.