Restoran və kafelərdə menyulara diqqət yetirənlər qiymətlərin tez-tez 9, 95 və ya 99 ilə bitdiyini müşahidə edirlər. Mütəxəssislər bildirirlər ki, bunun arxasında sadəcə təsadüf deyil, uzun illərdir tətbiq olunan marketinq strategiyası dayanır.

Foodinfo.az Restaurant Business Online portalına istinadla xəbər verir ki, qiymətlərin müəyyən rəqəmlərlə tamamlanması istehlakçıların məhsulu daha sərfəli qəbul etməsinə təsir göstərir. Psixoloqlar bunu "sol rəqəm effekti" adlandırırlar.

ABŞ-ın Kornell Universitetinin qida və istehlakçı davranışları üzrə tanınmış mütəxəssisi professor Brian Wansink bildirib ki, insanlar qiymətin ilk rəqəminə daha çox diqqət yetirirlər. Məsələn, 20 dollar əvəzinə 19,99 dollar yazıldıqda məhsul alıcıya nəzərəçarpacaq dərəcədə ucuz görünə bilər.

Bununla yanaşı, premium restoranlar fərqli yanaşmadan istifadə edir. Ekspertlərin sözlərinə görə, yüksək səviyyəli məkanlar qiymətlərin sonunda qəpik hissəsini göstərməməklə məhsula daha prestijli görüntü verməyə çalışırlar. Məsələn, 25,00 əvəzinə sadəcə 25 yazılması qonaqlarda fərqli təəssürat yaradır.

Mütəxəssislər hesab edirlər ki, menyu dizaynı, şrift seçimi və qiymətlərin yerləşdirilməsi də sifariş qərarlarına təsir edir. Bir sıra araşdırmalar göstərib ki, menyularda qiymət işarələrinin çıxarılması insanların daha çox xərc çəkməsinə səbəb ola bilir.

Qida sənayesi nümayəndələri bildirirlər ki, menyuların hazırlanması artıq yalnız kulinariya deyil, həm də davranış iqtisadiyyatı və marketinq elminin bir hissəsinə çevrilib.