Payız və qış aylarında bir çox insanda hemoglobinin səviyyəsi azalır. Foodinfo.az Gazeta.ru-ya istinadla xəbər verir ki, bu hal əsasən vitamin çatışmazlığı, soyuqdəymə və azhərəkətli həyat tərzi ilə bağlıdır. Mütəxəssislərin sözlərinə görə, qan azlığı — yəni hemoglobinin aşağı olması — ən geniş yayılmış qan pozğunluqlarındandır.
Hemoglobin eritrositlərin (qırmızı qan hüceyrələrinin) tərkibində olan zülaldır. Onun əsas vəzifəsi oksigeni toxumalara daşımaq və oradan karbon qazını çıxarmaqdır. Bu proses pozulduqda insan tez yorulur, başgicəllənmə, zəiflik və dərinin solğunluğu yaranır.
Əsas səbəb orqanizmdə dəmir çatışmazlığıdır. Dəmir hemoglobinin yaranması üçün əsas “tikinti materialı” sayılır. Həkimlərin bildirdiyinə görə, kişilərdə normal hemoglobin səviyyəsi 130 qram/litr, qadınlarda isə 120 qram/litr olmalıdır.
Hemoglobini normada saxlamaq üçün kompleks qidalanma vacibdir. Orqanizmə həm iki-, həm də üçvalentli dəmir duzları, B6, B9 (fol turşusu) və B12 vitaminləri, mis, kalsium, E vitamini və omeqa turşuları daxil olmalıdır.
Dəmirin ən yaxşı mənbələri qırmızı ət, qaraciyər və balıqdır. Bu məhsullarda dəmir asanlıqla mənimsənilən formada olur. Bitki mənşəli mənbələrə isə qarabaşaq, paxlalılar, qoz-fındıq, günəbaxan tumu və quru meyvələr daxildir.
Mütəxəssislər xəbərdarlıq edir ki, mədə turşuluğu aşağı olan şəxslərdə bitki mənşəli məhsullardakı dəmir zəif mənimsənilir. Buna görə də qida rasionunda həm heyvani, həm də bitki tərkibli məhsulların balanslı şəkildə olması vacibdir.
Düzgün qidalanma ilə yanaşı, açıq havada gəzinti, fiziki aktivlik və vitamin qəbuluna da diqqət yetirmək tövsiyə olunur. Bu tədbirlər orqanizmin oksigenlə təminatını yaxşılaşdırır və qış mövsümündə qan azlığının qarşısını alır.






